Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tədqiqatçımız antibiotiklərə alternativ müalicə vasitələri müəyyən etmişdir

Qərbi Kaspi Universitetinin Elmi işlər üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayevanın həmmüəllifi olduğu “Combatting antibiotic resistance in Gardnerella V: A comparative in silico investigation for drug target identification” adlı məqalə Scopus bazasında indekslənən Q1 reytinqli “PLOS ONE” jurnalında dərc edilmişdir.

Bu bakteriya qardnerellyoz hallarının təxminən 95%-ində aşkar olunur və çoxsaylı antibiotiklərə davamlılıq göstərdiyi üçün müalicə çətinliyi yaradır. Bu səbəbdən alternativ terapevtik yanaşmaların hazırlanması zərurətə çevrilmişdir.

Tədqiqatda in silico üsullardan – subtraktiv və müqayisəli genomika metodlarından istifadə edilməklə bakteriyanın virulentlik faktorları və potensial dərman vasitələri müəyyən edilmişdir.

Araşdırma nəticəsində phospho-2-dehydro-3-deoxyheptonate aldolase fermenti perspektivli dərman hədəfi kimi seçilmiş və onun struktur-funksional xüsusiyyətləri modelləşdirmə, təsdiqləmə və şəbəkə analizləri ilə dərin şəkildə öyrənilmişdir. Daha sonra FDA tərəfindən təsdiqlənmiş təxminən 9000 dərman birləşməsi arasında virtual skrininq aparılmış və beş effektiv birləşmə (DB03332, DB07452, DB01262, DB02076 və DB00727) potensial müalicə vasitəsi kimi müəyyən edilmişdir.

Bu birləşmələrin bakteriyaya qarşı təsirli və iqtisadi baxımdan əlverişli olduğu göstərilmişdir. Bununla belə, nəticələrin tam elmi təsdiqi üçün əlavə eksperimental tədqiqatlara ehtiyac vardır.

Məqaləyə keçid:

https://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0314465

https://www.scopus.com/record/display.uri?eid=2-s2.0-86000779590&origin=recordpage